Şriftin ölçüsü :

Saytın rəngi :

BƏLƏDİYYƏLƏRƏ NAMİZƏDLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ

11 dekabr 2014 | 16:00

YAP Yevlax Rayon Təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatı tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş partiya fəalları ilə görüş keçirmişdir. Görüşdə millət vəkilləri Tahir Rzayev, Bəxtiyar Sadıqov, Elman Məmmədov, İlham Məmmədov və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.

Görüşü giriş sözü ilə YAP Yevlax Rayon Təşkilatının sədri, millət vəkili İlham Məmmədov açaraq qonaqları iştirakçılara təqdim etdi. Millət vəkili öz çıxışında məlumat verərək bildirdi ki, Yevlax şəhəri ərazisində 2 dairə, 57 məntəqə mövcuddur: «Bunlardan 48 saylı Yevlax seçki dairəsi üzrə 31 məntəqə, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə 26 məntəqə fəaliyyət göstərir. 2 dairə üzrə 58000-ə yaxın seçici qeydiyyata alınmışdır. Yevlax rayonu üzrə 1 şəhər, 1 qəsəbə, 27 kənd olmaqla 29 bələdiyyə fəaliyyət göstərir.

Seçki Məcəlləsinə uyğun olaraq bələdiyyələr üzrə seçici sayına uyğun 29 bələdiyyə üzrə 267 namizəd yeri müəyyənləşdirilmişdir. Yeni Azərbaycan Partiyası hakim partiya olaraq hər yerə bir nəfər olmaqla 267 yerə 267 nəfər partiya fəalının namizədliyini irəli sürmüşdür.

267 nəfərin 108 nəfəri-41 faizi gənclərdən, 124 nəfəri-47 faizi qadınlardan ibarətdir. Partiya tərəfindən irəli sürülən namizədlərin hər biri müvafiq dairə-seçki komissiyalarında qeydə alınmışlar».

Görüşdə çıxış edən millət vəkilləri Elman Məmmədov və Bəxtiyar Sadıqov bələdiyyələrin statusu, yerli ərazilərin quruculuq-abadlıq işlərində oynadıqları əhəmiyyətli roldan, bələdiyyələrin daha da inkişaf etdirilməsi üçün ölkə başçısının imzaladığı sərəncamların əhəmiyyətindən, eləcə də ölkənin idarə olunmasında bələdiyyə üzvlərinin üzərinə düşən vəzifələrdən danışdılar. Həmçinin bu təsisatın vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin inkişafında mühüm rola malik olduğunu qeyd etdilər. Eləcə də seçki kampaniyasında bələdiyyələrə namizədlərin seçiciləri ilə görüşlərini necə təşkil edə biləcəkləri, seçki platformalarını seçicilərə necə təqdim edə biləcəkləri ilə bağlı müzakirələr apardılar.

Sonda çıxış edən millət vəkili Tahir Rzayev bələdiyyə üzvlərinin hüquq və vəzifələri, bələdiyyə qanunları barədə daha geniş və ətraflı məlumat verərək vurğuladı ki, bələdiyyə seçkiləri keçirilməsi sahəsində Azərbaycan dövlətinin kifayət qədər təcrübəsi vardır. Buna əyani fakt olaraq deyə bilərəm ki, respublikamız müstəqillik əldə etdikdən sonra dəfələrlə prezident, parlament və bələdiyyə seçkiləri keçirilmişdir. Azərbaycan xalqı qanunun aliliyini təmin eləmək və eləcə də seçki məcəlləsinin bütün tələblərini yerinə yetirmək şərtilə demokratik qaydada seçkilər keçirməyə qadirdir. Bu sahədə Yevlaxda da kifayət qədər təcrübə vardır. İnanıram ki, bu məqsədlə kifayət qədər hazırlıqlı, təcrübəsi olan insanlar cəlb olunub. Yerlərdə bələdiyyə seçilməyə və işləməyə qadir çox hörmətli, çox səriştəli namizədlər vardır və insanlar böyük mütəşəkkilliklə həmin namizədlərə, xüsusilə tarixin çətin sınaqlarından mətanətlə çıxmış Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülənlərə üstünlük verəcəklər. Və söz yox ki, bu bələdiyyə seçkiləri də əvvəlkilər kimi daha mütəşəkkil, daha demokratik ruhda başa çatacaqdır.

Sonda görüş iştirakçılarına bələdiyyə seçkiləri ilə bağlı bukletlər paylandı.

Keçidlər