Yevlaxda Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş silsilə tədbirlər davam etdirilir
Yevlaxda Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Yevlax Şəhər Təhsil Şöbəsi tabeliyində fəaliyyət göstərən ümumitəhsil müəssisələrində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.Tədbirlərdə öncə Şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı faciəsi haqqında geniş məlumat verilib və qeyd edilib ki, Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verilib. Bir daha vurğulanıb ki, bu soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir və Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur, unutmayacaqdır.
Həmçinin qeyd olunub ki, Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri çərçivəsində Xocalıda törədilən qırğınla bağlı bir sıra ölkələrdə silsilə tədbirlər keçirildiyi qeyd olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında rolunun danılmaz olduğu, məhz onun təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynadığı qeyd olunmuşdur.