Vətən müharibəsi qaziləri və iştirakçılarına medallar təqdim olundu
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş yevlaxlı qazilərə, müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Vətən Müharibəsi qaziləri, Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbiri giriş sözü ilə açaraq Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, şanlı Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri şücaətdən, qəhrəmanlıqlardan danışaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsi, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına müvəffəq olduğunu bildirdi. Həmçinin qeyd etdi ki,bu uzaqgörən siyasətin nəticəsində şanlı Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı 44 gün ərzində azad edib.
Şəhər Rəhbəri Vətənə layiqli xidmət etdiklərinə görə tədbirdə iştirak edən qazi və iştirakçılara öz minnətdarlığını bildirdi.
Qeyd olundu ki, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.
Daha sonra Milli Məclisin deputatı İlham Məmmədov,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev öz çıxışlarında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən danışıblar. Bildirilib ki, qısa müddət ərzində Azərbaycan Ordusu erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad edib. Azərbaycan Ordusu arsenalında olan ən müasir silahlarla faktiki olaraq Ermənistan ordusunu darmadağın edib. Həmçinin diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlib.
Sonda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş qazilər və müharibə iştirakçılarına medalları təqdim olundu.
Vətən müharibəsi Qaziləri və iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.