12 DEKABR ULU ÖNDƏRİN ANIM GÜNÜDÜR
TARİX YARADAN ŞƏXSİYYƏT
Tarix ya böyük hadisələrlə, ya da böyük şəxsiyyətlərlə yadda qalır. Böyük şəxsiyyətlər tarixin təkcə qurucuları deyil, həm də dayaqlarıdır. İllər keçdikdən, öz missiyasını şərəf və ləyaqətlə yerinə yetirdikdən, əzmlə tarixə daxil olduqdan sonra liderin tarixdə rolu daha aydın görünür. Dünyada tarix yaratmaq hər şəxsə nəsib olmur. Bunun üçün dərin zəka, ilahi vergisi olan istedad, şəxsiyyət və ləyaqət, tarixi həqiqət duyğusu və dönməz iradə, siyasi uzaqgörənlik və hadisələri qabaqlamaq bacarığı, insanlığa, millətə və dövlətə məhəbbət bəsləmək kimi ali xüsusiyyətlər tələb olunur. Dünyada bütün bu cəhətləri özündə birləşdirən dahiyanə şəxsiyyətlərdən biri fenomenal lider Heydər Əliyev idi.
O, XX əsrin son qərinəsində qədim bir dövlətə, ulu bir xalqa rəhbərlik etdi, xalqına güvənib yüksəldi və özü ilə bərabər xalqını da tarixin qızaran üfüqlərinə ucaltdı.
1969-cu ildən-Azərbaycana rəhbər təyin edildikdən sonra o, çevrəsində əyləşdiyi rejimin qeyri-tarixi iddialarına o qədər də məhəl qoymadan üzünü tarixə çevirdi. Heydər Əliyevin bütün fəaliyyəti onun öz sözləri ilə desək, milli azadlığa nail olmaq üçün «milli ruhun canlanması» işinə yönəlmişdi. Millətə və milli adət-ənənələrə sədaqət hissinə böyük qiymət verən ümummilli lider, millətin tarixi taleyi üçün məsuliyyəti liderə, tarixi şəxsiyyətə xas vacib xüsusiyyət hesab edirdi: «Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləyriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin məsuliyyət hissi ilə yanaşmalıdır».
Heydər Əliyevin öz xalqı ilə birlikdə keçdiyi bu yol istiqlal yolu, azərbaycançılıq yoludur. O, hakimiyyətdə olduğu dövr ərzində bu məsuliyyəti yaşadı və əzmlə daşıdı. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva yazır: «Heydər Əliyev 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir millət və dövlət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Liderdir».
Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra öz qüdrətli əlləri ilə Azərbaycanı odun içindən xilas etdi, nurlu sabahlara doğru gedən İstiqlal yoluna çıxardı və milli istiqlalımızın əbədiyyətini təmin edən azərbaycançılıq fəlsəfəsini-istiqlal məfkurəsini dövlət ideologiyası kimi təsbit etdi.
Azərbaycan öz tarixi istiqlalına qanlar bahasına nail oldu. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın amansızcasına işğalı… Şəhidlər və canlı şahidlər! 20 yanvar qırğınının səhərisi günü Moskvada Azərbaycan nümayəndəliyinə gələn Heydər Əliyev özünü və ailəsini böyük risk qarşısında qoyaraq Azərbaycan həqiqətlərini söylədi, sovet imperiyasını ifşa etdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycanın yiyəsi var.
Azərbaycanın müstəqilliyi ciddi təhlükə qarşısında qalanda o, bütün müqavimətləri qıraraq Naxçıvandan Bakıya gəldi və çətinliklə bərpa edilmiş istiqlalın keşiyində dayandı, tarixə yenidən-İstiqlal Lideri kimi əzmlə daxil oldu. Dilinə gələn ilk cümlə «Azərbaycanın istiqlalı əbədidir, dönməzdir» oldu.
Sonralar tarixi həqiqətin ifadəsi kimi bu cümlə şüara çevrildi, dillər əzbəri oldu. Bu da bir həqiqətdir ki, istiqlalı qazanmaq da, onu qoruyub saxlamaq da çətindir. Heydər Əliyev nə qədər ki, sağ idi, o, bizim milli istiqlalın qarantı, mübariz əsgəri, lideri idi. O əbədiyyətə qovuşduqdan sonra uşaqlıqdan dahi şəxsiyyətin, böyük siyasətçinin dövlətçilik məktəbini keçmiş, idarəçilik universitetini həyat tərzi kimi yaşamış Prezident İlham Əliyev atasının nəcib əməllərini əzmlə davam etdirdi. İlham Əliyev bir istedadlı oğul olmaqla bərabər həm tarixin, həm də tarixi yaradan liderin-Heydər Əliyevin uğurlu seçimidir: «İlham Əliyev istedadlı şagird olub və öz müəllimindən, uzaqgörən dövlət xadimi, xarakterində milli ideyalar və prinsiplərlə möhkəm sadiqlik, bəsirət kimi keyfiyyətlərin nadir şəkildə birləşdiyi Heydər Əliyevdən çox mühüm dərs almışdır» (Akademik Ramiz Mehdiyev).
Beləliklə də istiqlalçılıq Heydər Əliyevin parlaq fəlsəfi-dövlətçilik ənənəsi kimi onun müdrik varisi tərəfindən, dövlət siyasətimizin baş xətti olaraq bu gün də davam etdirilməkdədir.
Heydər Əliyevin Azərbaycan, ulu xalqımız üçün etdikləri neçə-neçə kitaba sığmaz. Tarix onu zaman-zaman xatırlayacaq, onun milli sərvətimiz olan irsini hələ yeni-yeni nəsillər öz gözü ilə, öz qəlbi və zəkasının yeni imkanları ilə oxuyacaq. Və hər dəfə onu yenidən dərk edəcəklər. Hər gələn nəsil əmin olacaq ki, həqiqətən də öz xalqının taleyində müstəsna rol oynayan, Vətəninin ağır günündə onun imdadına çatan, müqəddəs quruculuq və xilaskarlıq missiyasını öz üzərinə götürən, keşməkeşli mücadiləsini qələbə ilə başa vuran siyasət dahilərindən biridir. Bu gün tarix onun möhtəşəm əməllərinin təsdiqinə xidmət edir.