ƏLİLLƏRƏ YARDIM EDİLDİ
Beynəlxalq Əlillər günü Mədəniyyət və Turizim şöbəsinin Mərkəzi Mədəniyyət evində daha geniş miqyasda qeyd olundu. Tədbirə dəvət olunmuş əlillər və sosial müdafiəyə ciddi ehtiyacı olanlar qarşısında Yevlax Şəhər İcra Hakmiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov çıxış etdi. Bildirdi ki, bu tədbir müstəqil dövlətimizdə hər il keçirilir. Lakin memarı ulu öndər olan suveren dövlətimizdə məhdud fiziki imkanlı insanlara dövlət qayğısı təkcə bu tarixdə deyil, müntəzəm davam etdirilir. Müharibə vəziyyətində olan ölkəmizdə statistik məlumata görə əhalinin 5,6 faizi məhz bu kateqoriyaya aiddir. Yevlaxda isə müxtəlif səbəblərdən əlillik dərəcəsi olanlar 9 min nəfərə yaxındır. Onların sayının bu qədər olması Ermənistanın ölkəmizə təcavüzü ilə əlaqədardır. Bütün bunlara baxmayaraq möhtərəm Prezidentimizin ardıcıl və məqsədyönlü siyasəti Azərbaycanı dünya səviyyəsində tanıtmış, regionda super dövlətə çevirmişdir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca siz fiziki imkanları məhdud olan insanlara dövlət səviyyəsində göstərilən qayğının həcmi də yüksələcəkdir. Sizə həyatda ən gözəl nemət olan cansağlığı arzulayıram.Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Adil Tağıyev çıxış edərək ölkəmizdə əlillərə, sosial müdafiəyə ehtiyacı olanlara göstərilən maddi və mənəvi qayğının ildən-ilə yüksəldiyindən danışdı. Onu da vurğuladı ki, əlillərə, sosial müdafiəyə ciddi ehtiyacı olanlara, pensiyaçılara və müavinət alanlara qayğı bundan sonra da intensiv davam etdiriləcəkdir.
Tədbirin sonunda əlillərə və fiziki imkanları məhdud olanların böyük bir qisminə Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ərzaq yardımı edildi.