Yevlaxda Gənclər Günü münasibətilə N saylı hərbi hissədə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər və İdman İdarəsinin, YAP Yevlax rayon təşkilatının, Yevlax şəhər Gənclər və İdman İdarəsinin, Gənclərin İnikşaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin, Yevlax Uşaq Gənclər İdman Şahmat Məktəbinin əməkdaşları rayon ərazisindəki N saylı hərbi hissənin əsgər və zabitləri ilə görüş keçiriblər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Xaliq Əliyev hərbçləri Gənclər Günü münasibəti ilə təbirik edib, qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2 fevral - Azərbaycan Gəncləri Günüdür. Gənclərimiz ulu öndərimiz Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 25 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi sonsuz ruh yüksəkliyi ilə qeyd edirlər. 1996-cı il fevralın 2-də ilk dəfə dövlətimizdə Gənclər Forumunun keçirilməsi və daha sonra ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bunun bariz nümunəsidir.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, Gənclərin İnikşaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli, Yevlax Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Elman Əlibəyli əsasını dahi şəxsiyyət Heydər Əliyevin qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərin hərtərəfli inkişafı üçün mühüm addımların atıldığını bildiriblər. Çıxış edənlər həmçinin bildiriblər ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafına şərait yaratmaqla yanaşı, onların vətənpərvər ruhda formalaşmasında da həlledici rol oynayır. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarla, rəşadətlə tarixdə silinməz iz qoyan bugünkü gənclərimiz, əminik ki, gələcək nəsillər üçün də nümunə olacaq.
Sonda N saylı hərbi hissənin bir qrup əsgərinə Yevlax rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.
Tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax rayon Nümayəndəliyinin hazırladığı konsert proqramından ibarət olan bədii hissə ilə yekunlaşdırılıb.
Çıxış edən hərbçi gənclər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.