Yevlaxda Gənclər Günü təntənəli şəkildə qeyd olunub
Respublikamızın bütün bölgələrində olduğu kimi, Yevlax şəhərində də 2 fevral – Gənclər Günü münasibətilə təntənəli tədbir keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoşbəxt və firavan gənclik, sağlam həyat və uğurlu gələcək arzulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyev gənclər siyasətinə, onların təhsilinə və inkişafına, dövlət idarəçiliyinə gənc kadrların cəlb olunmasına daima xüsusi diqqət və qayğı göstərib. 1997-ci ildə imzaladığı Sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləməkdədir. Dövlət başçısı gənclərimizi qayğılandıran məsələlərlə daim maraqlanır, onların problemlərinin həlli istiqamətində işlər görülür, bölgələrdə gənclər üçün lazımi infrastrukturun və gənclər təşkilatlarının inkişafına əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atılır, onların sosial məişət problemlərinə xüsusi qayğı və diqqətlə yanaşılır. Elnarə Əzizova həmçinin bildirib ki, hər zaman gənclərə dəstək olan Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyətinin, tarixinin və ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır.
Tədbir zamanı gənclərlə əyləncəli viktorinolar keçirilib. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə Yevlax şəhər İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Tədbir incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.
2 Fevral - Gənclər Günü münasibətilə Yevlax şəhərində veloyürüş də keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı və Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan 40 nəfər gənc iştirak edib.
Dədə Qorqud parkından start verilən yarış dörd mərhələ və finaldan ibarət olub. Birinci yerin qalibinə velosiped, ikinci və üçüncü yerlərin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.