Şəhid olan hərbi qulluqçuların orden və medalları ailələrinə təqdim olundu
Yevlax Şəhər İcra Hakimiyyətində Azərbaycan Ordusunun şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu orden və medalların onların ailəsinə təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov və təltif olunan şəhidlərin ailə üzvləri iştirak ediblər. Çıxış edən ŞİHB-ı Anar Tağıyev Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbədən danışıb. Qeyd edib ki, bu qələbə xalqımızın qəhrəman övladlarının canı və qanı bahasına əldə olunub. Daha sonra təltif olunan şəhidlərimizim keçdiyi döyüş yoluna nəzər salınıb və onların qəhrəmanlıqlarından söz açılıb.
Qeyd olunub ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən müharibəsində mənfur düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanılıb.
Sonda orden və medallar şəhidlərin ailə üzvlərinə təqdim edilib.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse Prezidentimiz hörmətli Mehriban Xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.