Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Vətən müharibəsi şəhidi, XTQ kəşfiyyatçısı Ülvi Kərimovun doğum günü məzarı başında qeyd olunub

11 sentyabr 2021 | 16:00


Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Qələbəmizin qazanılmasında payı olan igid oğullarımızdan biri də XTQ-nin kəşfiyyatçı şəhidi Kərimov Ülvi Rövşən oğludur. Bu gün yaşasaydı 33 yaşını qeyd edəcəkdi. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı düşmənə qarşı aparılan hərbi əməliyyatlarda iştirak edib. Ülvi Kərimov 16.10.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və anadan olduğu rayonun Salahlı kəndindəki qəbiristanlıqda dəfn edilib. Döyüş meydanında göstərdiyi igidliyə görə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra  "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Suqovuşanın azad olunmasına görə" və  "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidimizin doğum günü münasibətilə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, YAP Yevlax rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, hərbçi yoldaşları ilə birlikdə Ülvinin cənnətdəki ilk doğum gününü məzarı başında qeyd ediblər. Qəhrəman şəhidimizin məzarı ziyarət edilərək gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi böyük ehtiramla yad edilib. Şəhər İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdiri Xaliq Əliyev  çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib və 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bildirib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Ülvinin xatirəsinin daim əziz tutulacağını vurğulayıb.
Şəhidin valideynləri isə Ülvi və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəklərini, qürur duyacaqlarını söylədilər.
Daha sonra Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə rayon Təhsil Şöbəsi Gənclər və İdman İdarəsinin birlikdə Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbində Şəhidin xatirəsinə keçirdiyi şahmat turnirinin və Şəhidin təhsil aldığı Salahlı kənd tam orta məktəbi tərəfindən  isə şer müsabiqəsinin qaliblərinə  Fəxri Fərman və hədiyyələr şəhidin ailə üzvləri tərəfindən təqdim edilib..
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər