Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Şəhidlər bulağı”nın açılışı oldu

05 avqust 2021 | 16:00


Ölkəmizin hər yerində olduğu kimi, Yevlaxda da Vətənimizin azadlığı, torpaq bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi həmişə əziz tutulur, onların adlarının əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Yevlax rayonunun Havarlı kəndində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın şərəfinə “Şəhidlər bulağı” tikilib. Bulağın inşası yekunlaşmış və açılışı olmuşdur. Bulağın üzərində Birinci Qarabağ və Vətən müharibəsində qanları bahasına tarix yazan 12 şəhidin ad və soyadı  həkk olunub.
Açılışda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev bildirdi ki, Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü.  Xalqımız   uzun illərdir ki, həsrətində olduğu bu Qələbəni dövlətimizin başçısı müdrik Rəhbər, Cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə  əldə etdi. Qələbə Xalqımızın tarixinin şanlı səhifəsinə həkk olundu. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Düşmənin və onların havadarlarının ağlına belə gəlməzdi ki, Azərbaycanın vətənpərvər oğulları torpaqlarımızı bu cür tezliklə, həm də qorxmadan, çəkinmədən separatçılardan təmizləyəcək.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin rəisi mayor, Samir Qurbanov Azərbaycan Ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edib. Həmçinin qeyd edib ki, 44 günlük Vətən savaşı minlərlə Vətən övladımızın şəhidlik zirvəsinə ucalması ilə başa çatsa da, lakin indiyə qədər düşmənin tökdüyü qanlar, Azərbaycana, Azərbaycan xalqına yaşatdığı müsibət cavabsız qalmadı, ona layiqli cavab verildi. Şanlı Zəfər tarixini yazan Vətən oğulları Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq.
Daha sonra kənd ziyalıları, müharibə veteranları çıxış edərək bildirdilər ki, Möhtətəm Prezidentimiz Cənab İlham Əliyev müdrik Rəhbər və Müzəffər Ali Baş Komandan kimi Vətən müharibəsinin qəhrəmanıdır. Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu.
Sonda çıxış edən Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə  Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər