Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Vətən müharibəsi Şəhidinin ad günü qeyd edildi

31 iyul 2021 | 16:00


Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Yevlax şəhər sakini Mirzəyev Elçin Maqsud  oğlunun ad günü uyuduğu Yevlax Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
   Bu məqsədlə keçirilən tədbirdə Yevlax şəhər İcra Hakimiyyəti başçısı aparatının  məsul əməkdaşları, şəhidin ailə üzvləri, ağsaqqallar iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmışdır. Həmçinin, bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Mərasimdə çıxış edən digər natiqlər vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə şəhidlərin xatirəsinə Şəhər Uşaq Gənclər İdman Şahmat məktəbi onlayn şahmat turniri, şəhər 5 saylı tam orta məktəb rəsm müsabiqəsi keçirmiş, qaliblərə fəxri fərmanlar şəhidin ailə üzvləri tərəfindən təqdim edilmişdir.
Şəhid Elçin Mirzəyev 11 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq  Sərəncamları ilə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər