Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Şəhid Polkovnik-leytenant Soltan Məmmədovun doğum günü qeyd olundu

21 iyul 2021 | 16:00

Yevlaxda Şəhər İcra Hakimiyyəti tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını alıb. Ənənənin davamı olaraq  şəhid Polkovnik -leytenant Məmmədov Soltan Akif oğlunun doğum günü qeyd edilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, Milli Məclisin deputatı İlham Məmmədov, şəhidin ailə üzvləri, yaxınları,döyüş yoldaşları, dostları Şəhidlər Xiyabanında Şəhidimizin  məzarını ziyarət edərək məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Anım mərasiminin iştirakçıları Soltan Məmmədovun həyat yolundan danışıb, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd ediblər.Öz canını vətən uğrunda fəda edən igid oğullardan biri olan Şəhid Polkovnik- leytenant Soltan Məmmədov 21 iyul 1981-ci ildə Yevlax rayonunun Səmədabad kəndində anadan olmuşdur.  1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1999-2003-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində əvvəlcə Tağım Komandiri, sonra isə MTT üzrə Tabor Komandirinin müavini vəzifələrində xidmət edib.
2013-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində Qərargah rəisi vəzifəsində xidmət edən Soltan Məmmədov, qüsursuz xidmətinə görə mayor rütbəsi alıb. 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Tabor Komandiri vəzifəsində xidmət edib.
Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Soltan Məmmədov döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan bayrağı ordeni” ilə “Vətən uğrunda” və “Soqovuşanın azad olunmasına görə” “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə Şəhidin təhsil aldığı şəhər Səmədabad kənd tam orta məktəb şəhidin xatirəsinə şer müsabiqəsi, Şəhər Uşaq Gənclər İdman Şahmat məktəbi isə onlayn şahmat turniri keçirmiş, qaliblərə fəxri fərmanlar şəhidin ailə üzvləri və yaxınları tərəfindən təqdim edilmişdir.
Şəhidin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 

Keçidlər