Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxlı gənclər təntənəli şəkildə hərbi xidmətə yola salınıblar

13 iyul 2021 | 16:00

“Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq Yevlaxlı gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər  İcra Hakimiyyətinin Başçısı, hüquq-mühafizə orqanlarının, rəhbərləri,Rayon Ağaqllar Şurasının sədri, çağırışçıların valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək Dahi Rəhbərə öz ehtiramlarını bildirdilər. Həmçinin çağırışçılar Şəhidlər Xiyabanında Vətənimizin azadlığı uğrunda canlarından keçən vətən oğullarının müqəddəs məzarlar ziyarət etdilər.

Tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yevlax Rayon Şöbəsinin rəisi mayor Samir Qurbanov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan, 44 günlük müharibədə Azərbaycan oğullarının igidliklərindən bəhs etmişdir.
Sonra Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tədbirdə çıxış edərək bildirdi ki, çağırışçılarımızın üzlərində sevinc, qəlblərində əzmkarlıq, ruhlarında isə qəhrəmanlıq aydın görünür. Sizlər böyük inam, sağlam əqidə, ən əsası isə yüksək vətənpərvərliklə Vətənin səsinə səs verərək, həyatınızın ən məsuliyyətli mərhələsinə başlayırsınız. Bu gün bu böyük coşqunun, insan izdihamının içində yadıma tam bir il öncəki hadisələr düşür. Hamımızın xatirindədir. Ötən ilin bu günlərində rəzil düşmən Tovuz istiqamətində təmas xəttində süni gərginlik yaradaraq, açıq savaşa başlamışdı. Bir il öncə bu izdiham Yevlaxda da yaşanırdı. Qocalı-cavanlı, kişili-qadınlı hər kəs Vətən uğrunda mübarizəyə və müharibəyə hazır olduğunu nümayiş etdirirdi.  Sentyabrın 27-də müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə «Dəmir yumruq» əməliyyatı başlayarkən də Yevlaxlılar döyüşə ilk qoşulanlar sırasında oldu. Yüzlərlə gəncimiz Qüdrətli Sərkərdəmiz Cənab İlham Əliyevin çağırışı ilə ilk zəfərimiz olan Suqovuşandan son hədəfimiz olan Şuşayadək qəhrəmanlıq yolu keçdilər. Azad edilən hər bir rayonumuzda, kəndimizdə Yevlaxlılar döyüşdülər, qan tökdülər, təəssüf ki, həm də şəhid oldular.  Bu, əlamətdar gündə mən Yevlaxın ən şanlı, ən şərəfli vətəndaşları olan şəhidlərimizi böyük qədirbilənliklə yad edir, onların ruhuna hamımızın adından əbədi ehtiramımızı bildirirəm.
Həmçinin Şəhər Rəhbəri bidirdi ki, Siz dünyanın ən güclüləri sırasında olan bir ordunun əsgərləri olacaqsınız. Sizlərin çoxu bir müddət sonra böyük qəhrəmanlıqla azad edilən Qarabağ bölgəsində hərbi xidmət keçəcəksiniz. Vətənimizin etibarlı keşikçiləri olacaqsınız. Əminəm ki, harada xidmət etməyinizdən asılı olmayaraq, Vətənə olan borcunuzu layiqincə ödəyəcək, böyük şücaətlər göstərəcəksiniz. Yevlaxın adını daha da yüksəldəcəksiniz. 
Çıxışının sonunda Şəhər İcra Hakimiyyətinin Başçısı çağırışçılara şərəfli xidmətlərinin yerinə yetirilməsində  uğurlar arzuladı.
           Təntənəli mərasimdə çağırışçı valideyinləri,  Vətən müharibəsi qaziləri  çıxış edərək gənclərə bu şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulamışlar. Çağırışçı gənclər  Azərbaycan bayrağını öpüb, müqəddəs Qurani-Kərimin altından keçərək  böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıblar.

 

Keçidlər