Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

26 iyun 2021 | 16:00


Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən  rayon ərazisindəki N saylı hərbi hissədə təşkil olunan tədbirində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev hərbçiləri bayram münasibətilə təbrik edərək bildirdi ki, 103 illik tarixi olan bayramı ilk dəfədir ki, böyük Zəfər qazanmış xalqın təmsilçiləri kimi qarşılayırıq. Bu bayramda ilk dəfə olaraq, növbəti ildönümünü Qarabağda qeyd etməyi artıq arzulamayacağıq. Çünki bizim bu 30 illik müqəddəs arzumuzu Müzəffər Ali Baş Komandanımız və onun müsəlləh əsgər və zabitləri böyük şücaətlə həyata keçirdilər. Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı təmin edən müzəffər Ali Baş Komandanımıza, fədakar əsgər və zabitlərimizə bir daha sonsuz minnətdarlığımızı bildiririk. Eyni zamanda Vətən Savaşında qurban gedən fəadailərimizin – şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Vətən Savaşı sübut etdi ki, Azərbaycan hərbçisi nəinki Qafqaz regionunun ən güclüsüdür, əslində, dünyanın ən peşəkar, ən qətiyyətli döyüşçüsüdür. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır.
Möhtərəm Prezidentimizin dediyi kimi, bu gün dünyanın hərb məktəblərində, araşdırma mərkəzlərində Azərbaycanın hərbi modelinin öyrənilməsi, həqiqətən də, hamımızın qürur, iftixar mənbəyidir.Biz artıq hərb sahəsində öyrənmirik, əksinə, öyrədirik. Dünyada nümunə kimi qəbul olunuruq, örnək model yaradırıq. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Ordu quruculuğu siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev cənabları elə bir zirvəyə ucaldıb, onu elə bir Zəfərlə taclandırdı ki, artıq bizim gücümüzlə hamı hesablaşır. İcra Hakimiyyətinin Başçısı çıxışnda həmçinin qeyd etdi ki, Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu» elə Azərbaycan dövlətinin, Azərbaycan Silahlı Qüvvələrinin dəmir yumruğudur. Sizin bu dəmir yumruğunuz tək Azərbaycana deyil, bütün Qafqaza sülh, ədalət, inkişaf gətirir. Qüdrətli Sərkərdəmizi əmin edirik ki, bütün xalqımız, istər hərbçi, istər mülki vətəndaş olsun, fərqi yoxdur, hamımız–onun «Dəmir yumruğu» nun müsəlləh əsgərləriyik. Başqa cür ola da bilməz.
Daha sonra N saylı hərbi hissənin komandiri Misir Əliyev çıxış edərək Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıb. Bildirib ki bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Sonda xidmətdə fərqlənən hərbçilərə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr və Yevlax məktəbliləri tərəfindən “Əsgərə məktub” kompaniyası çərçivəsində yazılmış məktublar təqdim edildi.

Keçidlər