Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda şəhid ailələrinə medallar təqdim olunub

26 iyun 2021 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlarla təltif edilmiş şəhidlərin ailələrinə və yaxınlarına medallar ilə təltif olundu.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin valideynləri və yaxınları iştirak edirdi. İlk öncə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin  başçısı Anar Tağıyev çıxış edərək vurğuladı ki, Prezidentimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq dastanı yazdı. Dövlətimizin başçısının “dəmir yumruğu” tarixi ədaləti bərpa etdi, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarını düşmən tapdağından təmizlədi. Həmçinin müstəqil dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Qarabağın işğaldan azad olunmasından sonra Azərbaycanın müasir müstəqillik tarixində tamamilə yeni inkişaf dövrü başlayıb. İşğaldan azad edilmiş və mənfur düşmən tərəfindən viran qoyulmuş ərazilərdə sürətli və kompleks bərpa, quruculuq işləri aparılır, əsas infrastruktur təmin olunur, yollar, ağıllı kəndlər salınır. Keçmiş qaçqınlar və köçkünlər tezliklə dədə-baba yurdlarına qayıdacaqlar və o bölgələrin iqtisadi potensialı, yeraltı, yerüstü sərvətləri Azərbaycan iqtisadiyyatına töhfə verəcək. Bütün bunlar hamısı Azərbaycan əsgərinin igidliyi, canı, qanı bahasına başa gəldi. Məhz Sizlərin övladlarınızın sayəsində bu gün ərazi bütövlüyümüz bərpa edildi. 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur. Onlara hər birimiz borcluyuq, tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla yada salacağıq. Şəhidlərimiz unudulmur, bəşəriyyət var olduqca onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar. Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələrinin sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək üçün əlimizdən gələni etmək bizim vəzifəmizdir. Rayonumuz ərazisində yaşayan şəhid ailələrini şəhidlərin ad günlərində, bayramlarda hansı rayondan olmasına baxmayaraq mütəmadi ziyarət edirik, onların gündəlik qayğılarını, problemlərini dinləyirik, ailələr tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində öz səlahiyyətlərimiz çərçivəsində müvafiq işlər görürük və görəcəyik. Bütün bunlar hamısı Cənab Prezidentimiz İlham Əliyev,  Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən bizim qarşımıza qoyulan əsas tələb və  tapşırıqdır.
Sonra çıxış edən Şəhid ailələri və Şəhidlərin yaxınları onlara göstərilən diqqət və qayğıya görə Ordumuzun Müzəffər Ali Baş Komandanı Cənab Prezidentimiz İlham Əliyevə və  Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.
Sonda medallar şəhidlərin valideynlərinə və yaxınlarına təqdim olunub.

 

 

 

Keçidlər