Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda dövlət qulluqçularının peşə bayramı qeyd edildi

23 iyun 2021 | 16:00


23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhərin mərkəzində xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib ulu öndərin xatirəsini ehtiramla yad etdilər.
Əlamətdar bayram münasibəti ilə  Yevlax Şəhər İcra Hakimiyyətində xüsusi karantin rejimi qaydalarına uyğun tədbir təşkil edildi. Tədbiri Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev  açaraq dövlət qulluqçularını peşə bayramları münasibəti ilə  təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamışdır.O bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində ölkəmizdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılıb. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olub. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2000-ci ilin iyulunda hazırlanıb qəbul edilən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlanıb. Bu mühüm sənəd ölkədə düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.
Şəhər İcra Hakimiyyətinin Başçısı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramının təsis edildiyini qeyd edərək, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğu, bu gün respublikamızda dövlət idarəetmə sistemində islahatların uğurla davam etdirildiyi bildirib.
Şəhər Rəhbəri  həmçinin qeyd etdi ki, bu il Dövlət Qulluqçularının Peşə Bayramı Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər ordumuzun 44 günlük müharibədə düşmən üzərində şanlı qələbəsi fonunda daha gözəl abu-hava ilə qeyd edilir. Möhtərəm Prezidentimiz hər bir dövlət qulluqçusuna örnəkdir. Hər birimizin əsas vəzifəsi Möhtərəm  Prezidentimizin müəyyən etdiyi yolla getmək, müəyyən etdiyi məqsədlərə xidmət etməkdir.
Sonda bildirildi ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar. Mənəvi saflıq, vicdanlılıq və təmənnasızlıq dövlət qulluğunda əsas meyarlardır.
Dövlət Qulluqçularının Peşə Bayramı Günü  münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə seçilən bir qrup dövlət qulluqçusu Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən  Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olundular.

 

Keçidlər