Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun - Milli Qurtuluş Günü: hər bir azərbaycanlıya iftixar hissi bəxş edən tarixdir

15 iyun 2020 | 16:00


Sirr deyil ki,1991-ci ildə müstəqillik əldə edən Azərbaycan cəmi iki il sonra onu yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldı. Çünki o zaman Azərbaycan hakimiyyətində təmsil olunanlar dövlət idarəetməsi anlayışından uzaq, şəxsi ambisiyalarının girovuna çevrilmiş və siyasi cəhətdən yetkin olmayan şəxslər idi. Beləliklə, müstəqilliyimizin ilk illərində həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, o zaman iqtidarda təmsil olunanların öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması ucbatından dövlətin bütün strukturları iflic vəziyyətinə düşdü. Həmin vaxt yaranmış hərc-mərclik fonunda Ermənistan tərəfindən Azərbaycanın torpaqlarının işğal edilməsi isə ölkədə höküm sürən xaotik vəziyyəti daha da gərginləşdirdi. Məhz belə bir ağır məqamda, Azərbaycan dövlət müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalanda xalqımız üzünü öz xilaskarına - Ulu Öndər Heydər Əliyevə tutdu.1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə rəhbərliyə qayıdışı Azərbaycanın müqəddaratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Xalqımız Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz parlaq gələcəyinə, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu.
Bütün risk və təhlükələrə baxmayaraq, xalqın və dövlətçiliyin qurtuluş missiyasını öz üzərinə götürən Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində milli iqtisadiyyat dirçəldi, sosial sahədə gerilik və ətalət aradan qalxdı, nizami ordu quruculuğuna başlanıldı. Azərbaycanın gələcək inkişafını, əhalinin sosial rifah halının yüksəlməsini təmin edən “Əsrin müqaviləsi” imzalandı. Bir sözlə, Ulu Öndər Azərbaycanın müstəqil dövlət kimi inkişafının sarsılmaz təməlini qoydu.
2003-cü ildə Prezident seçilərkən hər bir azərbaycanlının Prezidenti olacağına söz verən cənab İlham Əliyev bu illər ərzində gördüyü işlərlə bir daha sübut etdi ki, o, doğrudan da hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti yüksək səviyyədə davam və inkişaf etdirən cənab Prezidentin rəhbərliyi ilə həyata keçirlən siyasət nəticəsində əhalinin sosial rifah halı durmadan yüksəlir, əməkhaqları, təqaüdlər artır, şəhid ailələri, Qarabağ müharibəsi, Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirlməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Son 17 ilə yaxın müddətə nəzər saldıqda bir daha aydın olur ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin, bədən tərbiyyəsi və idmanın, bir sözlə bütün sahələrin inkişafı üçün əsaslı tədbirlər həyata keçirilib. Güclü ordu quruculuğuna xüsusi diqqət yetirilməsinin nəticəsidir ki, bu gün Milli Ordumuz regionun ən müasir silahlarla təchiz edilmiş qüdrətli ordusudur. Bunlarla yanaşı, Heydər Əliyev irsinə sadiq qalan cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünya ölkələri arasında öz layiqli yerini tutub.
Beləliklə, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasət nəticəsində yeni-yeni uğurlar qazanan Azərbaycanın əldə etdiyi nailiyyətlərə görə qürur hissi keçirən xalqımız 15 iyun - Milli Qurtuluş Gününü böyük coşquyla və ruh yüksəkliyi ilə qeyd edir.
                  

                                                                                                     Rafiq Əliyev
                                                                            YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri

Keçidlər