Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHƏRİMİZDƏ “DİNİ MAARİFLƏNDİRMƏ İŞİNİN TƏŞKİLİ: GERÇƏKLİKLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA SEMİNAR-TRENİNQ KEÇİRİLDİ

08 noyabr 2018 | 16:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.


Tədbirdə rayonun ümumtəhsil məktəblərinin müəllimləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və aktiv gənclər iştirak edirdi.
Tədbiri açan ŞİH rəsmisi Elnarə Məmmədova mövzunun əhəmiyyətindən danışaraq bildirdi ki, dövlətimiz tərəfindən milli-mənəvi, o cümlədən, dini dəyərlərə qayğı göstərilir. E.Məmmədova eyni zamanda rayonda keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən də bəhs etdi.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov dövlət-din münasibətləri barədə ətraflı məlumat verərək vurğuladı ki, dindarlıqla dünyəviliyin harmonik vəhdəti xalqımızın milli dövlətçiliyinin fərqləndirici xüsusiyyətlərindəndir. Lakin dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını istəməyən, onu pozmağa çalışan bəzi qüvvələr var.  Bu baxımdan dinlə bağlı məsələlərə təkcə hər kəs insan hüquqları və milli-mənəvi dəyərlər baxımından deyil, həm də özünün təhlükəsizlik nöqteyi-nəzərindən yanaşmalıdır.

G.İsmayılov onu da qeyd etdi ki, məzhəbçilik, təhsildən uzaqlaşma dini radikalizmin əsas elementlərindəndir. Eyni zamanda haqsız yerə qan tökmək, qətl törətmək dinimizdə ən böyük günahlardan hesab olunur. İdeoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. Dini kimlik dedikdə İslam, milli kimlik dedikdə isə azərbaycançılığın nəzərdə tutulduğunu deyən sədr müavini təəssüflə qeyd etdi ki, bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar.
G.İsmayılov dini radikalizmin təsirlərindən qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olmasının vacibliyini diqqətə çatdırdı.
Sonda çıxış edən Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Bayramov radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğuladı.
Seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələrlə yekunlaşdı.

Keçidlər