12 dekabr. Tarixin bu günündə ölkənin hər yerində olduğu kimi, Yevlaxımızın Baş Meydanı da bütün varlığı ilə rəhbərin ölməz ideyalarına sadiq olan insanlarla dolub-daşır. Əllərində təravətli qərənfillər olan bu insanlar Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən sözlərini eşidən kimi olur, monitordan haqqında səslənən mahnının medodiyalarını dinləyir, Baş Meydanda ucalan abidəni gözlərində parlayan məhəbbətlə seyr edirlər.
Saat 11-də rəhbərin Anım Mərasimi başlayır. ŞİH Başçısı, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, digər rəsmilər Ulu Öndərə öz ehtiramlarını bildirərək, gül-çiçək dəstələrini onun abidəsi önünə düzürlər.Sonra isə yevlaxlıların Ulu Öndərin abidəsi qarşısında sayğı, ehtiram duruşu başlayır, onlar tər qərənfilləri pyedestal ətafına düzərək, hörmətlə təzim edirlər. Bu insanlar Ulu Öndərin xatirəsini anır, ürəklərindən isə “Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm” deyən bu dahi insanın anıları kino lenti kimi süzülüb keçir.
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sambalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev dövrü bənzərsizdir. Bu dövrün hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri Ulu Öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb.
Azərbaycanın və böyük türk dünyasının müdrik lideri Heydər Əliyevin fəaliyyəti əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından kənara çıxaraq, öz zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib.
Belə düşüncələrlə yaşayan yevlaxlılar abidə qarşısından ayrılırlar. Onlar öz duyub – yaşadıqlarını bir- birləri ilə bölüşürlər. Və bu arada “Kür”- ün əməkdaşlarına üz tutaraq öz hiss və həyəcanlarını, unuda bilmədikləri xatirələri bizimlə paylaşırlar.
Haqqında sözü gedən paylaşmaları qəzetimizin oxucularına elə söyləndiyi kimi, sadə və anlaşıqlı tərzdə təqdim edirik.
İlk müsahibimiz təqaüdçü, şəhər sakini Vaqif Manafovdur: -Bu gün daha çox ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan Respublikasına rəhbərliyi zamanı gördüyü işlərdən söz açılır. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəxas bir mərhələsi olan Sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. Bildiyiniz kimi, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal mənbəyi idi, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrdən sayılırdı. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ölkənin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Onun rəhbərliyi dövründə sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Azərbaycanda ardıcıl surətdə iri sənaye müəssisələri tikilib istifadəyə verildi. Rəhbərin iradə və qətiyyəti ilə tikilən bu sənaye müəssisələrindən ən fərqliləri Yevlaxın payına düşdü. Bu isə yüzlərlə yevlaxlının işlə təmini, insanların rifah halının, güzəranının yaxşılaşması demək idi.
Ulu Öndərin heykəli önündən duyğulanaraq ayrılan 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Xəzangül Məmmədova bizimlə həmsöhbət olur: -Azərbaycanın bugünkü inkişafı göz qabağındadır. Bunun təməlində Ulu Öndər ideyası var. Ümummilli liderin təfəkkürünə, nitqinə heyran qalmamaq mümkün deyil. Biz Ümummilli Liderin bu dünyadan köçdüyünə inanmırıq. Çünki dahinin ideyları yaşayır, və bizimlədir. Heydər Əliyev fenomeni, şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında həmişə birincilər sırasındadır.
Gülşən Mirzəyeva Aşağı Qarxun kənd musiqi məktəbinin müəllimidir. Onun Ulu Öndər barəsində söylədikləri öz sadəliyi və səmimiyyəti ilə seçilib fərqlənir: -Mən Ulu Öndərin bir müdrik fikrini sizə xatırlatmaq istəyirəm. Bu “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir” fikridir. Ulu Öndərimiz Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas edərək, inkişaf və tərəqqi yoluna çıxardı. Bu səbəbdən də onun adı Azərbaycanın xilaskarı kimi tariximizdə əbədi olaraq qalacaq. Ulu Öndər Heydər Əliyev şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib.
Balçılı bələdiyyəsinin sədri Lyuba Zeynalova rayonda öz ictimai fəallığı ilə seçilənlərdən biridir. Anım günündə onun da Azərbaycanın memarı və qurucusu barədə ürək sözləri vardır: -Bu dahi insan mənim yaddaşımda qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Ulu Önldərin misilsiz xidmətləri tariximizin şanlı səhifəsidir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz Böyük Azərbaycanlı idi.
Anım Günü Heydər Əliyev Mərkəzində rəsmilərin qatıldığı tədbirlə başa çatır. Muzeyin direktor əvəzi Günel Zamanlı anım gününün iştirakçılarına Ulu Öndərin həyat və titanik fəaliyyətini sərgiləyən eksponatlar barədə maraqlı bilgilər verir, insanları bir daha dahi rəhbərin Azərbaycana, xalqımıza sevgi dolu yaradıcılığı, əldə etdiyi bəşəri nailliyyətlərlə unudumayacaq ekskursa aparır.