Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri Yevlaxda nar və xurma istehsalçıları və ixracatçıları ilə görüşüb

04 oktyabr 2017 | 16:00

Sentyabrın 30-da Yevlax şəhərində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin nar və xurma istehsalçıları və ixracatçıları assosiasiyalarının nümayəndələri ilə görüşü keçirilib görüşdən əvvəl Dövlət Gömrük Komitəsinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib.Sonra Yevlax şəhərindəki Heydər Əliyev Sarayında ixracatçılarla görüş keçirilib.Tədbirdə çıxış edən DGK-nın sədri Aydın Əliyev Azərbaycan iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektorun rolundan, eləcə də sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən bəhs edib.

Görüşdə gömrük orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və daxili bazarın qorunması istiqamətində görülən işlər, gömrük ödənişləri zamanı sahibkarlara güzəştlər, göstərilən elektron gömrük xidmətləri haqqında məlumat verilib.

Komitə sədri Aydın Əliyev bildirib ki, ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan gömrük orqanları bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.

Gömrük sistemində son islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ-hüquqi bazanın yaradılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb.

Qeyd edilib ki, DGK-nın fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilir. Bu kimi görüşlər gömrük-biznes sahəsində qarşıda duran vəzifələri bir daha müəyyənləşdirmək və inkişaf yollarını aramaq işinə öz töhfəsini verir. Xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ilə məşğul olan biznes subyektlərinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün lazımi dəstək göstərilir.

DGK sədri gömrük orqanları tərəfindən reallaşdırılan “bir pəncərə”, “elektron bəyannamə”, “yaşıl dəhliz” və digər yeniliklərin idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə münbit şərait yaratdığını bildirib. Biznes-gömrük əməkdaşlığının inkişaf etdirilməsi, qarşılıqlı işgüzar münasibətlərin peşəkar şəkildə qurulmasının ümumi işə faydasından bəhs edən Aydın Əliyev gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onları narahat edən məsələlərin bundan sonra da operativ və obyektiv şəkildə həllini tapacağını diqqətə çatdırıb.

Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndəsi Arif Qaraşov narçılığın inkişaf etdirilməsi, narın xarici bazarlara daha geniş həcmdə çıxarılması və ixrac miqyasının yeni bazarlar hesabına genişləndirilməsi məqsədilə aparılan işlərdən danışıb.

Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qədir Yusifov qeyd edib ki, Azərbaycan əsas xurma istehsalçısı və ixracatçılarındandır və ölkəmizin bu sahədə geniş potensialı var. Assosiasiyanın qarşısında duran vəzifələr də bu sahədə istehsalın və ixracın artırılmasını təmin etməkdən ibarətdir.

Daha sonra iş adamları gördükləri işlər barədə məlumat verərək xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə əlaqəli qurumların qarşılıqlı fəaliyyətini dəyərləndirib, həmçinin sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi ilə bağlı bu cür görüşlərin keçirilməsinə görə təşəkkürlərini bildiriblər.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər