Şriftin ölçüsü :

Saytın rəngi :

…BİR DƏ DÖNMƏZ O İLLƏR

04 oktyabr 2017 | 16:00

Jurnalist üçün yazılması planlaşdırılan mövzuların “bəxti” bəzən gətirmir. Bir hadisədən, bir təbiət mənzərəsindən, bir insan taleyindən təsirlənəndə jurnalist  planlaşdırdığı yazını bir kənara qoyur və başlayır, necə deyərlər, isti-isti o mövzularda yazır.  Mənim qələmə aldığım yazı da bu  qəbildəndir.

15 sentyabr. İlk olaraq hər kəsin ağlından “Bilik günü” ifadəsi keçdi. Haqlısınız. Məhz o günü mənim üçün fərqli edən ovqatdan yazacam.

Bildiyiniz kimi, ilk dərs günü Aprel döyüşlərinə həsr edilmişdi. Aprel döyüşləri deyiləndə isə ağla ilk öncə Lələtəpə yüksəkliyinin ordumuzun nəzarəti altına keçməsi gəlir. Ardınca isə  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlərin dönüşü kimi tarixi hadisə.

Və  bir vaxtlar təhsil aldığım 1 nömrəli tam orta məktəbdə dərsin aparılmasının mənə həvalə olunması qəlbimdə məsuliyyət qarışıq bir həyəcan da yaratmışdı.

Bu məktəb böyük ənənələri olan bir məktəbdir. Qocaman pedaqoq, uzun illər bu məktəbə rəhbərlik edən Qiyas Quliyev hətta digər məktəblərin atası adlandırır 1 nömrəli tam orta məktəbi. Rayonda ilk təhsil ocağı olması səbəbindən. Bu gün məktəbin bir-birindən ünlü yüzlərlə məzunu respublikada ən aparıcı sahələrdə ləyaqət və hünərlə çalışır, xalq və Vətən qarşısındakı borcunu  şərəflə yerinə yetirir. Onların içərisində həkim də var, mühəndis də, müəllim də, digər sahənin mütəxəssisləri də. Çox maraqlıdır, məzunların ixtiyar yaşında olanları belə bu məktəbi xoş xatirələrlə anır, anılarını bölüşərkən elə xırda detallara varırlar ki, heyrət etməyə bilmirsən. Bu da təsadüfi deyil, məktəb hər zaman sözün həqiqi mənasında, təhsil fədailərinin meydanı olub. 1929-cu ildə fəaliyyətə başlayan 1 nömrəli məktəbə bir vaxtlar Zöhrab Yusifli, Şəmsiyyə Kərimli, Yusif Yusifov, Niyaz Hüseynov, Qiyas Quliyev kimi təhsil bilicilərinin rəhbərlik etdiyi məktəbdə yaxşı da müəllim kollektivi çalışıb. Onlar təkcə şagirdlərinin zehnini elmin ziyası ilə işıqlandırmayıblar, həm də şəxsi nümunələri ilə onların əsl vətəndaş kimi formalaşmasında önəmli rol oynayıblar.

İndi məktəbimiz o məktəb deyil, yəni köhnə, hər daşı, divarı əziz olan əvvəlki binasının yerində tamamilə müasir və gözəl bir bina inşa olunub. Heç unutmaram, onun təntənəli açılış mərasimində dövlətimizin başçısının və xanımının iştirakını. Bu böyük şəxsiyyətlər məktəbimiz haqqında dediklərimizə həvəslə qulaq asır, öz göstəriş və tövsiyələrini verirdilər. Məktəbin foyesində bu təntənəni əks etdirən fotolardan ibarət stend özündə unudulmaz olan bu tarixi anı yaşadır.

Məktəbdə bu gün də  təhsil təəssübkeşli insanlar  çalışır, gələcəyimiz olan uşaqlara elmin yollarında cəsarət və inamla addımlamaqda əllərindən gələni əsirgəmirlər. Açılışından yeddi il keçir, amma məktəbin sinif otaqlarındakı, dəhlizlərindəki, idman meydançasındakı səliqə-sahman hələ də ilk gündəki kimidir. Sözsüz ki, bu işdə məktəbin direktoru Xalidə Əzizovanın rolunu danmaq olmaz.

Xəyal məni uzaq uşaqlıq illərimə apardı. Məktəbə gəlişim, təhsil illərim, unudulmaz və əziz müəllimlərimin hələ də qulaqlarımda səslənən munis səsləri, məktəbə vida etdiym zaman keçirdiyim hisslər. Hər birini yenidən yaşadım, gah uşaqlaşdım, gah gənc oldum… Yadıma müəllifini xatırlamadığım bir fikir düşdü: İnsan uşaq olanda böyüməyə can atır, böyüyəndə isə uşaq olmaq istəyir. Mən bunu anlamaqda acizəm.

Elə həyatın gözəlliyi də, əsrarəngizliyi də məhz bu qəribəliyindədir məncə. Həyat doğrudan da gözəldir. Bir də ona görə ki, layiqli insanları əksər hallarda layiqlilər də əvəzləyir. Yəni estafet etibarlı əllərə ötürülür. Mən bunu məktəbimizin timsalında apaydın görürəm. Həyatımın bir də geriyə dönməyəcək illərinin 1 nömrəli tam orta məktəblə bağlılığından isə ayrıca bir qürur duyuram.

Keçidlər